Ərbəin müəssisəsi\Mədəni-maarif bölümü

banner-img banner-img-en
logo

 Müqəddəs məkanlar

Nəcəfi Şərəfdə yerləşən Hənnanə Məscidi

Nəcəfi Şərəfdə yerləşən Hənnanə Məscidi
Hənnanə Məscidi, Nəcəfi Əşrəf şəhərində yerləşən, daha doğrusu, Nəcəf və Kufə yolu arasında, Nəcəfin şimal tərəfində qədim tarixi bir məkan və abidədir. Bəzi tarixi mənbələrə əsasən bu yerin torpağı iki kərə Məsum İmamların (ə) əzasın saxlayıb. Bu torpağın ilk əzası həzrət Əmirəl Möminin Əli ibn Əbu Talibin (əleyhiməs səlam) mübarək cənazəsini məxfi sürətdə gecə yarısı dəfn edərkən olub. İkinci əza saxlaması isə, Kərbəla hadisəsində İmam Hüseynin (əleyhi səlam) və Onun vəfalı səhabələrinin məzlumcasına şəhadətə yetirilməsi zamanı olub. Məscidə qoyulan adın mənası da elə bu səbəbdəndir. Bu Məscid, Hənnanə məhəlləsində həzrət İmam Əlinin (əleyhi səlam) mübarək məzarının 2 km yarım aralığında, Kumeyl ibni Ziyad Nəxəinin mərqədi yaxınlığında yerləşir. Ötən əsrlərdə artıq bu məkan Nəcəf şəhərindən hesab olunmağa başlayıb.     

Davam

Suriyanın Dəməşq şəhərində dəfn olunan müqəddəslərin ziyarətgahı

Suriyanın Dəməşq şəhərində dəfn olunan müqəddəslərin ziyarətgahı
Həzrət Yəhya peyğəmbər (ə) İmam Hüseyn (ə)-ın mübarək başının dəfn olunduğu yer İmam Əli (ə)-ın qızı cənab Zeynəbin mübarək qəbri İmam Hüseyn (ə)-ın qızı Rüqəyyə xanım İmam Hüseyn (ə)-ın qızı Səkinə xanım İmam Əli (ə)-ın qızı Üm Gülsüm. Kərbəla şəhidlərinin mübarək başlarının dəfn olunduğu yer İmam Zeynülabidin (ə)-ın oğlu Abdullah. İmam Hüseyn (ə)-ın qızı Fatimeyi Suğra İmam Cəfəri Sadiq (ə)-ın oğlu Abdullah Peyğəmbər (ə)-ın azançısı Bilalın məzarı Əsma bint Ümeys, Meymunə bint Həsən, Həmidə bint Müslüm ibn Əqil Peyğəmbərin həyat yoldaşları Üm Sələmə, və Üm Həbibə Fatimeyi Zəhra (ə)-ın kənizi Fizzə xanım Əmmar ibn Yasər, Üveys Qərəni, Übəyyibni Kəbül ənsari İmam Əli (ə)-ın qızı Səkinə xanım Hücr ibn Ədi Səd ibn Übadə    

Davam

Hz. Rüqəyyə-Suriya

Hz. Rüqəyyə-Suriya
Həzrət Rüqəyyə (ə) imam Hüseyn ibn Əlinin (ə) qızıdır. Həzrət Rüqəyyənin (ə) anasının kim olması barədə müxtəlif nəzərlər mövcuddur. O cümlədən bəziləri onun anasını Ümmü İshaq, bəziləri Ummu Cəfəri Qəzaiyyə, bəziləri (Şeyx Müfid) də Ümmü İshaq binti Təlhə, çoxları da, İran şahı Yəzdəgürdün qızı Şəhrəbanu bilirlər. Həzrət Rüqəyyə (ə) 59-cu hicri qəməri ilində Mədinə şəhərində dünyaya gəldi və 61-ci hicri ilində atası ilə birlikdə Kərbəlaya səfər etdi. Bəzi rəvayətlərə əsasən, həzrət Rüqəyyənin (ə) şəhadəti zamanı üç yaşı var idi. O hicri-qəməri tarixi ilə 5-i səfər 61-ci ildə Şam şəhərində əsirlikdə şəhid oldu. Həzrət Rüqəyyənin (ə) ziyarətnaməsi   السّلام عليك يا سيدتنا رقية عليك تحية والسّلام و رحمة الله وبرکاته السّلام عليك يا بنت امير المؤمنين عليّ ابن ابي طالب السّلام عليك يا بنت فاطمة الزّهرا سيدة نساء العالمين السّلام عليك يا بنت خديجة الکبرا امّ المؤمنين و المؤمنات السّلام عليك يا بنت وليّ الله اسّلام عليك يا اخت ولي الله اسّلام عليك يا بنت الحسين الشّهيد اسّلام عليك يا ايتها الصّدّيقة الشّهيدة اسّلام عليك ايتها الرّضية المرضية السّلام علِيك ايتها التّقية النّقية اسّلام عليك ايتها الزکية الفاضلة اسّلام عليك ايتها الَُمضلومة البهية صلّي الله عليك و علي روحك و بدنك فجعل الله منزلك ومأواك في الجنّة مع آبائك واجدادك الطيّبين الطّاهرين المعْصومين السّلام عليكم بما صبرتم فنعْم عقْبي الدّار و علي الملائکة الحافِّين حول حرمك الشّريف و رحمة الله و برکاته و صلّي الله علي سيّدنا محمّد و آله الطيّّبين الطاهرين برحمتك يا ارحم الرّاحمين Mirzə Cavad Təbrizi Hz. Rüqəyyənin ziyarəti haqda deyir: Bu günün ən yaxşı əməllərindən biri ilahi hökmləri öyrənməkdən ibarətdir. Bildiyiniz kimi, çoxlu mövzular vardır ki, şöhrət vasitəsi ilə və heç bir başqa dəlilə ehtiyac olmadan sabit olur. Məsələn, əgər bir şəxs, bir yeri, birinə satsa, lakin o yer camaat arasında "vəqfi yer" adı ilə tanınmış olsa, bu surətdə imam (ə) buyurur: əgər bu yer, camaat arasında vəqfi yer kimi şöhrət tapıbsa, onu almaq icazəli deyil və o yer gərək, öz sahibinə qaytarılsın. Buradan aydın olur ki, (bir şeyin isbat olmasında) şöhrət kifayətdir və başqa dəlilə ehtiyac yoxdur. Mina və Məşərin də hədlərini təyin etmək belədir. Habelə, əgər bir şəxs 200 il bundan qabaq, bir yerdə dəfn olmuş olsa və bu şəxsin 200 il bundan qabaq dəfn olduğu yerdə bir kəs qalmasa ki, xəbər versin bu qəbr həmin seyidin qəbridir, lakin şöhrət onu təyin edibdir. Bu söz, həzrət Rüqəyyənin (ə) mütəhhər qəbrinə də şamil olur. Belə ki, həzrət Rüqəyyənin (ə) Şamda qəbri məşhurdur. Həzrət Rüqəyyənin varlığının hikməti və onun Şamda dəfni, din düşmənlərini rüsvay etməkdir ki, sonralar heç kəs Şam hadisələrini inkar edə bilməsin və həzrət Rüqəyyənin (ə) qəbri, qadınların bu müqəddəs məkanda əsir olmaqlarının əlamətidir. Daha heç bir kəs, Şam hadisələrini dana bilməz. Həzrət Rüqəyyənin (ə) qəbri, əhli-beytə (ə) olunan zülmlərə canlı şahid, sənəddir. Şöhrət, Həzrət Rüqəyyənin (ə) qəbrinin varlığına dəlilidir və onun  (ə) bu məkanda dəfni canlı bir əlamətdir. Ona görə də, o həzrətin qəbri və məqamı barəsində olan bəzilərinin şəkk və şübhələrinə əhəmiyyət vermək və diqqət etmək lazım deyil.     

Davam

Bilal Həbəşinin məzarı

Bilal Həbəşinin məzarı
“Bilal” adı həm də iman, əqidə, məqsədə çatmaq yolunda mətanət mənalarını daşıyır. Bilalın xatırlanması səbrin, düşmən qarşısında müqavimətin, sabitqədəmliyin, Allah yolunda işgəncələrə dözümün xatırlanmasıdır. Bir sözlə, Bilal islami bərabərliyi, Kəbə və Məkkənin fəthini, təqvanın üstünlük ölçüsü olmasını, möminin insani dəyərini və bir çox digər məsələləri yada salan bir addır. Bilal müsəlman olduğu üçün ağır işgəncələrə düçar oldu. Üməyyənin göstərişi ilə onu xalqın gözü qarşısında əl-ayağı bağlı vəziyyətdə Hicazın yandırıcı günəşi altda qaynar qumun üzərinə uzadıb, sinəsinə böyük bir daş qoydular. Bu daş Bilalı isti quma sıxır, dərisini yandırıb, bədənini qovururdu. Məkkənin fəthi zamanı İslam peyğəmbəri Həbəş Bilala əmr edir ki, Kəbə üzərinə qalxıb, uca səslə azan desin. Bu əməl həm müsəlmanların qibləgahında tövhid nidası, həm də müsəlmanların bərabərliyinin elanı və ağaların qəbilə, irq, sərvət, dil kimi ayrıseçkiliklərinin üzərindən xətt çəkilməsi idi. Təbii ki, Kəbə üzərindən Bilalın azan deməsi müşriklərə çox ağır gəlirdi. Dünənin təhqir olunmuş qara bir qulu bu gün İslam hərəkatının natiqi, Peyğəmbərin azançısı olmuş və İslamda xüsusi bir məqam qazanmışdı. Qurani-kərimdə bəzi müşriklərin bu məsələ ilə bağlı istehzalarına cavab verilir: “Ey iman gətirənlər biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə sizi dəstə-dəstə, müxtəlif qəbilələr şəklində qərar verdik. Allah yanında ən hörmətliniz ən təqvalınız, Allahdan daha çox qorxanınızdır. Həqiqətən, Allah alim və agahdır.”[1] Bu ayə Bilalın şənində nazil olmuşdur. Ayə kafirlərin təsəvvüründəki yanlış ölçü və meyarları puça çıxararaq, Bilalın məqamını qat-qat yüksəldir. Dünən işgəncələr altında əzilən Bilal İslam sayəsində əziz və dəyərli olmuşdur. Cəhalət dövrünün əzablarından keçmiş qul dinin pənahında möhtərəm sayılır. Bilal həzrət Peyğəmbərin (s) həyatı boyu onun azançısı oldu, öz həyatverici fəryadı ilə insanları namaza dəvət etdi. Bu səs Peyğəmbərin (s) həyatının son gününədək eşidildi. Amma həzrət Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra Bilal bir daha azan demədi. Çünki buy olla Əhli-beytin (s) haqqını müdafiə edirdi. İmam Sadiq (ə) buyurmuşdur: “Allah Bilala rəhmət etsin, o Əhli-beyt (ə) dostu və saleh bir bəndə idi. Peyğəmbərdən sonra Bilal kimsə üçün azan demədi. O, əhd etmişdi ki, yalnız Peyğəmbər üçün və əgər canişin olarsa həzrət Əli (ə) üçün azan deyəcək. Bilalın azan deməkdən imtina etməsi xəlifəyə baha başa gəldi. Beləcə, Bilal Şam şəhərinə sürgün olundu və ömrünün sonunadək orada qaldı. Ona görə də Bilal həzrət Peyğəmbərin vəfatından sonra Şama üz tutub, ömrünün sonunadək orada yaşadı. Müsəlman ümmət isə daim Bilalın azanı intizarında qaldı. Bilal Şama hicrət etdikdən sonra hər il Mədinəyə gəlib, Peyğəmbərin qəbrini, onun qızı Zəhranı (s) ziyarət edər, Peyğəmbər Əhli-beyti (ə) ilə görüşərdi. Hicri 19-cu ildə Bilal taun xəstəliyindən dünyasını dəyişdi. O, 63 il yaşadı. Bilal Dəməşq yaxınlığındakı “Babus-səğir” adlı yerdə bəzi səhabələrlə yanaşı dəfn olundu.      

Davam

Salman Farsinin məzarı

Salman Farsinin məzarı
Salman Farsi İslamın çiçəkləndiyi dövrdə böyük xidmətləri ilə Peyğəmbərin (s) ən yaxın səhabələrindən olub. Peyğəmbərin (s) vəfatından sonra, İmam Əlinin (ə) vilayəti altında bu yolda mətinliklə dayana bilib. Peyğəmbərin (s) dörd ən sadiq səhabələrindən sayılan Salman Farsinin pak məzarı İraqda Salmani Məhəmməd mədaini adlı yerdədir. Hal-hazırda Peyğəmbər (ə) səhabəsi Salman Farsinin İraqdakı hərəmi gözəl şəkildə bərpa edilib. Hicrətdən 216 və ya 316 il əvvəl İsfahanın kəndlərindən olan Ceyy kəndində bir uşaq dünyaya göz açdı. Adını Ruzbeh qoydular. Sonralar Peyğəmbər (s) ona Salman adını verdi. Salmanın atası Zərdüşt ruhanilərindən olmuşdur. Onun daimi işi atəşə odun atmaq idi. Salman Zərdüştilik mühitində dünyaya göz açmasına baxmayaraq, heç vaxt atəşin qarşısında baş əyib ona ibadət etmirdi və yeganə Allaha pərəstiş edirdi. Salman uşaq yaşlarında anasını itirdi və onun qəyyumluğunu bibisi öz öhdəsinə götürdü. Salman bu əqidəsinə görə 6 ay ağır şərtlərlə həbs olundu. Əgər bundan sonra da öz əqidəsini dəyişməsəydi, onu edam edəcəkdilər. O, bibisinin yardımı ilə qaçdı və səhraya üz tutdu. Səhrada Şama gedən bir karvan gördü. Onlara qoşulub tanımadığı torpaqlara üz tutdu. O, bu hicrətin əvvəlində itirdiyini tapdı. O, bir yəhudinin qulu olmasına baxmayaraq, Peyğəmbərin (s) məhzərində müsəlman oldu.1 Salmanın azad olunması və ona Salman adının verilməsi Peyğəmbər (s) 40 xurma dənəsi və 40 vəqiyyə (hər vəqiyyə 40 dirhəmə bərabərdir) məbləğində pul verərək, Salmanı yəhudidən aldı və sonra onu azad etdi. Sonra onun adını Salman qoydu.2 Bu addəyişmənin bir neçə səbəbi var idi: 1. Cahiliyyət dövründə qoyulan bəzi adlar müsəlmana layiq adlar deyildi; 2. “Salman” sözü “salamatçılıq” və “təslim olmaq” sözündən götürülmüşdür. Bu gözəl adın Peyğəmbər (s) tərəfindən seçilməsi Salmanın son dərəcə ruhi paklığının və İslam dininə təslim olmasının nişanəsidir. Salmanın seçilmiş fəzilətləri Salman kamal dalınca qaçan yeganə ülgü müsəlmanlardan olmuşdur. O, nəfsin saflaşdırılmasında çox qiymətli dəyərləri özündə cəm etmişdir. Biz bu fəzilətlərin bəzilərini qeyd edirik: Peyğəmbərə (s) yaxınlığı Salman İslam dinini qəbul etdikdən sonra o qədər iman və İslama olan mərifət yolunda irəli getdi ki, Peyğəmbərin (s) yanında özünə uca bir məqam əldə etdi və Məsumların (ə) nəzərində böyük hörmət qazandı. Salman barəsində o böyük şəxsiyyətlərin söz və təriflərindən bəzisinə işarə edirik: a) Hicrətin beşinci ilində Xəndək müharibəsi baş verdi. Burada Salmanın təklifi ilə şəhərin ətrafında xəndək qazdılar. Hər qrup Salmanın onlarla olmasını istəyirdi. Mühacirlər deyirdi: “Salman bizdəndir”. Ənsar da deyirdi: “Salman bizdəndir”. Peyğəmbər (s) isə buyurdu: “Salman biz Əhli-beytdəndir (ə)”.3 Tanınmış arif Muhyiddin Ərəbi əhli-sünnə alimlərindən olmasına baxmayaraq, Peyğəmbərin (s) buyurduğu bu kəlamının şərhində deyir: “Bu kəlamda Salmanın Əhli-beytə (ə) bağlılığı Peyğəmbərin (s) onun son dərəcə ali məqamına və nəfsinin paklığına şahidliyini bəyan edir. Çünki Salmanın Əhli-beytdən (ə) olması nisbi bağlılıq deyildir. Bu bağlılıq Salmanın ali dərəcədə olan insanlıq sifətlərinin səbəbinə formalaşmışdır”.4 b) Cabir Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Həqiqətən, behiştin Salmana şövqü Salmanın behiştə olan şövqündən əvvəl olmuşdur. Behiştin Salmanın görüşünə eşqi Salmanın behiştin görüşünə olan eşqindən daha çoxdur”.5 c) Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs Allahın imanla nurlandırdığı qəlb sahibinə baxmaq istəyirsə, Salmana baxsın!”6 ç) O Həzrət (s) yenə buyurur: “Salman məndəndir, ona zülm edən mənə zülm etmiş, ona əziyyət verən mənə əziyyət etmişdir”.  

Davam

Həbib İbn Məzahirin qəbri

Həbib İbn Məzahirin qəbri
İmam Hüseyn (ə)-ın hərəminin qərb tərəfində Həbib ibn Məzahirin qəbri yerləşir. Şeyx Abbas Qummi (r.ə) “Töhfətulı-əhvab” kitabında 51-ci səhifədə yazır ki, Həbib ibn Məzahir Quranı əzbər bilirdi. Həbib ibn Məzahir Əl-Əsədinin mübarək zərihi mübarək NUR surəsinin ayələri və Məsumlardan (ə) hədislər ilə zinət edilmişdir. Zərih İslam memarlığı üslubu ilə 3 il müddətində düzəldilmişdir. Qeyd edək ki, öncəki zərih (qəbir örtüyü) 70 il öncənin idi və yeni ilə əvəz olundu. Yeni zərihdə 3 kq. Qızıl, 822 kq. Gümüş, 500 kq. Mis, 380 kq. polad və 15 kubmetr "sac" ağacı istifadə edilmişdir. Dini ömür tarixçəsi, İslama xidmət və İslam Peyğəmbərinin (s) hüzurunda olmaq iftixarı Həbib ibn Məzahirə məxsusdur. Həbib iftixar sahibi olan «Bəni Əsəd» tayfasının görkəmli şəxsiyyətlərindən-dir. O, İslam Peyğəmbərinin (s) besətindən bir il əvvəl dünyaya gəldi. İslam Peyğəmbəri (s) Məkkədə insanları tövhid dininə dəvət edərkən Həbib öz uşaqlıq dövrünü yaşayırdı. Amma o öz gəncliyini Mədinədə İslam Peyğəmbə-rinin (s) hakimiyyəti zamanında din yolunda cihad və fədakarlığa sərf etdi. Şübhəsiz ki, həzrət Peyğəmbərlə (s) görüşmək Allahın böyük bir lütfüdür. Həbib ibn Məzahir həzrətlə (s) görüş sayəsində elə əvvəlcədən dini maariflə, ilahi hikmətlərlə, İslamın əbədi təlimləri ilə tanış ola bildi. Həbib Peyğəmbərin (s) səhabələrindən sayılırdı. Onun dilindən bir sıra hədislər nəql olunmuşdur. Həbibin Peyğəmbər (s) səhabəsi olması onun məqamını bir xeyli ucaltmışdır. Bu insanın yetmiş beş yaşında ikən Kərbəla qiyamında iştirak etməsi, əlinə silah alaraq Hüseyn ibn Əlini (ə) müdafiə etməsi mənəviyyat dolu səhnələrindəndir. Həzrət Peyğəmbərin (s) vəfatından sonra Həbib ibn Məzahir Əli ibn Əbi-Talibin vilayət xəttini tutdu. O, həzrətin (ə) hüzurunu qənimət sayaraq, onu Peyğəmbər (s) elmlərinin varisi kimi tanıyırdı. Bu səbəbdən də həzrətə (ə) üz tutub, onun xüsusi həvarilərindən və şagirdlərindən olmuşdur. Həbib ibn Məzahir həzrət Əlinin (ə) dəyərli biliklərindən faydalanmış və onun elminin daşıyıcılarından olmuşdur.[2] Həbib ibn Məzahir həzrətin (s) Meysəm Təmmar, Ruşid Hicri kimi fədakar yardımçılarının sırasındaydı. Həbib bir sıra ilahi bilgilərə yiyələnmişdi ki, bunlardan biri də gələcəkdə baş verəsi hadisələrin öncədən xəbər verilməsi idi. Həbib özünün və başqa-larının şəhadətindən xəbərdar bir insan idi. Bu barədə nəql olunmuş məşhur nümunələrdən birinə nəzərə salaq: Bir gün Meysəm Təmmar süvari halda Bəni-Əsəd tayfasının toplaşdığı yerdən keçirdi. Bu vaxt o, Həbib ibn Məzahiri görür. Bu iki süvari bir-birinə o qədər yaxınlaşır ki, atların başları bir-birinə toxunur. Onlar uzun müddət söhbətləşirlər, axırda Həbib ibn Məzahir Meysəmə deyir: «Sanki Peyğəmbərə (s) məhəbbət yolunda dara çəkilmiş, qarnı yırtılmış yemiş satan bir kişi görürəm!» (Meysəmin peşələrindən biri də yemiş satmaq idi). Onun cavabında Meysəm belə deyir: «Mən də Peyğəmbər (s) övladı Hüseyn (ə) ibn Əli yolunda öldürüləcək və başı kəsilib Kufəyə göndəriləcək kişini yaxşı tanıyıram!» Onlar beləcə söhbətləşib ayrılırlar. Onların söhbətlərini dinləyənlər hələ də öz aralarında mübahisə edir, Həbiblə Meysəmin söhbətlərinə şübhə ilə yanaşırlar. Bu vaxt Ruşeyd Hicri gəlib, Meysəmlə Həbibin harada olduğunu soruşur. Ona deyirlər: «Burada idilər, filan sözləri danışdılar, sonra ayrılıb getdilər». Ruşeyd deyir: «Allah Meysəmə rəhmət etsin. O bir şeyi deməyi unudub ki, Həbibin kəsilmiş başını Kufəyə gətirənə yüz dirhəm hədiyyə verərlər, sonra isə kəsilmiş başı şəhərdə gəzdirərlər!» Oradakılar bir-birinə deyirlər: «Deyəsən, bu bir nəfər o biri iki nəfərdən də yalançıdır». Amma çox keçmir ki, Meysəmi dara çəkirlər və Həbib ibn Məzahirin də kəsilmiş başını Kufəyə gətirirlər. Bir zaman bu sözlərə şübhə edənlər deyilənlərə şahid olurlar.[3] Zaman ötdü və xilafət Əmirəl-mömininə (ə) çatdı. Həzrət (ə) xilafət mərkəzini Mədinədən Kufəyə köçürdü. Həbib ibn Məzahir də Kufəyə köçdü ki, həmişə mövlası Əlinin (ə) yanında olsun. Həbib həzrət Əlinin (ə) bütün döyüşlə-rində iştirak etdi. Həmin vaxt o, Kufənin ən şücaətli insanlarından sayılırdı. Bu şücaətli kişi eyni zamanda gözəl əxlaq, dini biliklər, paklıq və təqva, səxavət və vəfa sahibi idi. Onu imam və Əhli-beytə (ə) ixlasda nümunə saymaq olardı. Onun fiqh, təfsir, qiraət, hədis, ədəbiyyat, cədəl, münazirə və digər sahədəki bilikləri bütün vaxtlarda ətrafdakıları heyran qoyardı. Həbib İmama (ə) vəfadarlıqda ən öncül insanlardan sayılardı. Həbibin gözəl siması vardı. Onun mənəvi gözəlliyi də kamillik həddində idi. Quranı bütünlüklə əzbər bilirdi və gecələr işa namazından fəcrədək Quranı xətm edər, ibadətə məşğul olardı.[4] Əli ibn Əbi Talib şəhadətə çatanda Həbibin təqribən 54 yaşı vardı. O təqva, isar, təcrübə və agahlıq dolu bir ömür yaşamışdı. O qalan ömrünü də haqq yolunda imamın (ə) müdafiəsinə və dinə yardıma sərf etdi.  

Davam

Meysəm Təmmarın məzarı

Meysəm Təmmarın məzarı
Meysəm Təmmar türbəsi İraqın Kufə şəhərində yerləşir. O, imam Əli (ə)-ın xüsusi səhabəsi, yaxın tərəfdarı, ardıcılı olmuş və o həzrətin məktəbində təlim-tərbiyə görmüşdü. Həzrət ona gizli sirləri və qeybi xəbərləri öyrətmişdi. Bəzən gələcəkdə baş verəcək işlər haqqında xəbər verirdi. Quran təfsirində və fiqh elmində yüksək məqama çatmışdı. O, Bəni Əsəd qəbiləsindən olan bir qadının qulamı idi ki, imam Əli (ə) onu alıb, adını Meysəm qoymuşdu. Meysəm ismət və ədalət arasında olan bir məqama malik idi. Quran elmlərini o həzrətdən əxz etmiş, o da şəhadətindən öncə İbni Abbasa öyrətmişdi. Nəhayət, Übeydullah ibn Ziyad onu tutub dar ağacından asdı. Meysəm Yəhyanın oğlu idi. Onlar İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idilər. Bəziləri Meysəmi iranlı hesab etmişlər. Ona Əbu-Salim də deyərdilər. Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulamı idi. Həzrət Əli (ə) onu həmin qadından alıb, azad etdi.[1] Meysəm həzrət Peyğəmbərin səhabələrindən sayılır. Onun həyatının əvvəlləri və ilkin islamdakı bioqrafiyası haqqında yetərincə məlumat yoxdur. O, Kufədə xurma satdığı üçün ona “təmmar”, yəni “xurmasatan” ləqəbi verilmişdi. Meysəmin özünün fədakar və pak müsəlman olması ilə yanaşı, onun ailəsi də şiə böyüklərindən sayılırdı. Onun altı oğlu vardı. Oğlanları və çoxsaylı nəvələri də öz ata-babaları kimi Əhli-beyt yoluna sədaqətli idilər. Bir çox ravilərin hədislərində adı çəkilən bu insanlar imamların (ə) vilayət və rəhbərliyinə etiqadlı idilər. Şiə imamları da Meysəmə və onun övladlarına öz məhəbbətini izhar etmişlər. Meysəmin oğlanlarının adı İmran, Şüeyb, Saleh, Məhəmməd, Həmzə və Əli idi. Şüeyb imam Sadiqin (ə), Saleh imam Baqirin (ə) və İmam Sadiqin (ə) səhabələrindən idi. İmam Baqir Salehə belə buyurmuşdur: “Mən sizi və sizin atalarınızı çox sevirəm.”[2] İmran isə həm imam Səccadın (ə), həm imam Baqirin (ə), həm də İmam Sadiqin (ə) səhabələrindən olmuşdur. Bütün bu deyilənlər Meysəm ailəsinin imamların yanında hörmət və ehtiramından danışır. Meysəmin və onun ailəsinin imamlara (ə) bağlılığı, məhəbbəti və itaəti göz qabağındadır. Həzrət Əli (ə) Meysəm haqqında əsasən həzrət Peyğəmbərdən (s) eşitmişdi. Meysəm də elə əvvəldən Əhli-beyt (ə) aşiqi idi. Amma həzrət Əlinin (ə) Meysəmlə ilkin görüşü onun xilafəti dövründə baş vermişdir. Elə həmin görüşdən sonra da həzrət (ə) Meysəmi azad etmək qərarına gəlmişdir. Nəhayət, həzrətin (ə) qərarı ilə Meysəm qulamlıqdan azad olunmuşdur. Həzrət Əli (ə) Meysəmlə ilk görüşündə ondan soruşur: “Adın nədir? Meysəm cavab verir: “Salim.” Həzrət buyurur: “Peyğəmbərdən (s) eşitmişəm ki, atan sənin adını Meysəm qoymuşdur. Həmin adına qayıt və Kunyən Əbu Salim olsun.” Meysəm dedi: “Allah, onun rəsulu və Əmirəl-möminin haqqı deyirlər.” Meysəm Kufədə xüsusi hörmət sahibi idi. Onun güclü ictimai mövqeyi vardı. O, həccdən qayıdıb Kufəyə çatmamış İbn Ziyad onun həbsinə göstəriş verdi. Bu həmin vaxt idi ki, Müslüm ibn Əqil Kufədə şəhadətə yetirilmiş, Kufəni həyacan bürümüş, tanınmış şiə simalar təqibə məruz qalmışdılar. Etiraz və qiyam üçün münasib şərait yaranmışdı. Meysəmin Kufəyə daxil olmamış həbs olunması göstərişi Üreyf adlı birinə tapşırılmışdı. Onu yüz nəfər məmur müşayiət edirdi. İbn Ziyad Üreyfi hədələmişdi ki, əgər Meysəmi tuta bilməsə, özü edam olunacaq. O, Hirəyə gəldi. Öz ətrafındakılarla birlikdə Meysəmi gözləməyə başladı. Nəhayət, Meysəmi həbs etdilər. Meysəm məmurlara gələcəkdə baş verəcək hadisələrdən, öz şəhadətindən danışırdı. Meysəm həmin vaxt haldan düşmüş qoca bir kişi olsa da, onun iman gücü, möhkəm irədəsi və iti danışığı İbn Ziyadı qorxuya salmışdı. Ona görə də bu adamın həbs olunması üçün yüz qüvvəli məmur göndərmişdi. Məmurlar Meysəmi Kufəyə gətirdilər. Meysəmin tutulması xəbəri İbn Ziyada çatdırıldı. İbn Ziyada Meysəmi belə tanıtdırmışdılar ki, o Əbu-Turabın (Əlinin) ən yaxın adamlarındandır. İbn Ziyadın göstərişi ilə Meysəmi onun hüzuruna gətirdilər. İbn Ziyad Meysəmin əhval-ruhiyyəsini yoxlamaq üçün ona dedi: “Allahın haradadır?” Meysəm: “Allahım zalımların yolunu gözləyir və bu zalımlardan biri sənsən.” İbn Ziyad dedi: “Əcəm olmağına baxmayaraq, mənimlə bu cür danışırsan?! Mənə deyiblər ki, sən Əli ilə çox yaxınsan.” Meysəm cavab verdi: “Bəli, düz deyiblər.” İbn Ziyad dedi: “Əgər Əlini lənətləməsən əllərin və ayaqların kəsiləcək, dara çəkiləcəksən.” Meysəm İbn Ziyadın hədələrinə belə cavab verdi: “Əli dara çəkiləcəyimi mənə xəbər verib.” İbn Ziyad bu xoşagəlməz vəziyyətdən çıxmaq üçün dedi: “Vay olsun sənə! Əlinin dediyinin tərsinə hərəkət edəcəyəm!” Meysəm dedi: “Axı necə?” Axı bu xəbəri Əli (ə) Peyğəmbərdən (s), Peyğəmbər (s) Cəbrəildən, Cəbrəil isə Allahdan eşitmişdir. And olsun Allaha! Hətta dara çəkiləcəyim yeri də bilirəm. Mən ilk müsəlmanam ki, İslam yolunda ağzıma cilov taxılacaq.” İbn Ziyad Meysəmin sözlərindən heyrətə gəldi və dedi: “And olsun Allaha! Əl-ayağını kəsib, dilini boş buraxacağam ki, həm mövlanın, həm də sənin yalanların aşkar olsun.” Sonra İbn Ziyad göstəriş verdi ki, Meysəmin əl-ayağını kəssinlər və dara çəksinlər. Meysəm öz ölümünü o qədər adi və etinasız qarşıladı ki, düşmənin qəzəbi daha da artdı. O hətta ölüm astanasında uca bir səslə xalqa İslami həqiqətlərdən və Həzrət Əlinin (ə) əsrarəngiz hədislərindən danışırdı. O vaxtlar insanı boğazından yox, çiyinlərindən, sinəsindən dara çəkər və boğmaqla yox, sıxıntı və aclıqla öldürərdilər. Meysəm deyirdi: “Hər kəs Həzrət Əlinin (ə) dəyərli bir hədisini eşitmək istəyirsə, mən ölməmiş yaxına gəlsin. Mən sizə dünyanın sonunadək gələcəyin hadisələrini xəbər verərəm. Xalq onun ətrafına toplanmışdı. Meysəm din mənbərindən danışırdı. O Peyğəmbər (s) Əhli-beytinin, Əli (ə) ailəsinin fəzilətlərindən danışır. Bəni-Üməyyənin xəyanətlərini ifşa edirdi. Həmin bu son anlarda Meysəmin dar ağacından həqiqətləri bəyan etməsi olduqca təsirli idi. İbn Ziyada xəbər verdilər ki, bu adam sizi rüsvay etdi. İbn Ziyad dedi: “Ağzına cilov taxın.” Bəli, Meysəm İslam yolunda ağzına cilov taxılmış ilk şəxs oldu.[21] Daha sonra onun qılıncdan iti dilini kəsdilər. Onun dilini kəsmək tapşırığı almış məmur Meysəmə dedi: “Nə istəyirsənsə, de, əmir sənin dilinin kəsilməsini əmr etmişdir.” Meysəm dedi: “Günahkar qadının oğlu Übeydullah İbn Ziyad elə düşünür ki, məni və mövlamı yalançı kimi tanıtdıra bilər. Budur mənim dilim.” Həmin muzdur Meysəmin dilini ağzından çıxardı... Meysəm elə bu halda da dar ağacında qaldı. Səhəri gün onun burnundan və ağzından qan gəldi. Beləcə, öz dediyi kimi, onun ağ saqqalı qırmızı qanına boyandı.

Davam

Hücr ibn Ədiyyin məzarı

Hücr ibn Ədiyyin məzarı
Hücr ibn Ədiy məscidi. Suriyanın Ədra adlanan ərazisində (Dəməşqin şimalında) yerləşir. Kufədə məskunlaşmış qəbilələrdən biri Kində qəbiləsi idi. Hücər bu qəbilədən olduğundan ona “Hücər ibn Ədi Kindi” deyirdilər. O, saleh işlərlə məşğul olduğundan onu “Hucərul-xeyr” də çağırırdılar. Hücr İslamdan qabaq dünyaya gəlmişdi. Həzrət Peyğəmbərin (s) həyatının son illərində müsəlman olmuşdu. Buna görə də həzrət peyğəmbərdən cəmi bir neçə il faydalana bilmişdi. Amma Hücr ömrü boyu haqq yolda mübarizə aparmışdı. İkinci  Xəlifənin dövründə Qadisiyyə döyüşündə iştirak etmiş və Dəməşqin şimal-şərqində yerləşən mərce-əzra məntəqəsinin fatehi olmuş-dur. Hücr təqvalı bir abid, zülmlə vuruşan bir mücahid idi. O, əmr be məruf və nəhy əz münkər edər, həzrət Peyğəmbərdən (s) və Əmirəl-möminindən (ə) hədislər danı-şardı. Peyğəmbərin (s) yaxın səhabələrin-dən sayılan Hücr namaz və dua aşiqi idi. İbadətə bağlı olduğundan ona “Məhəmməd əshabının rahibi” deyərdilər. O daim dəstəmazlı olardı. Dəstəmaz aldıqdan sonra isə namaz qılardı. Hücr Kufənin həm gözəl çöhrəli, həm də böyük mənəviyyata malik insanlarından idi. Əgər onun cahiliyyət dövründə anadan olduğunu qəbul etsək, Məkkənin fəthindən sonra İslama gəldiyini nəzərə alsaq, həmin vaxt bu şəxsin 27 yaşı vardı. Hücr İslamı gec qəbul etmiş olsa da, yaşı bir o qədər də çox deyildi. Amma onun qəlbində dərin bir iman, möhkəm bir əqidə, Allahın dininə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə (ə) güclü bir inam vardı. Hücr bir çox yaşlılardan dahi öncül və mübariz idi. Mərhum Seyyid Möhsin Əmininin təbirincə, Hücr şücaətli, çalışqan, abid, duaları qəbul olan, arif, Allaha müti, haqqı danışan, zülmlə barışmaz, şəhadəttələb, Əmirəl-mömininin (ə) havadarı olan bir komandan idi. Onun Həzrət Əli (ə) tərəfindən Cəməl və Süffeyn döyüşlərində qoşun başçısı seçilməsi misilsiz şücaətindən danı-şır. Bu insan ölər, amma alçaqlığı qəbul etməzdi. O, şəhadəti qəbul etdi, amma Əli (ə) haqqında pis sözlər danışmağa razı olmadı. O, öz oğlunun atasının ölümünü görüb süstələşməməsi, Əli (ə) vilayətin-dən uzaqlaşmaması üçün onun şəhadətinə hazır oldu. Hücrün şəhadəti Kufəlilərə çox təsir etdi. Kufəlilər nəql edirdilər ki, birinci gördüyümüz zillət Hücrün şəhadəti, Ziyadın dəvəti ilə Əliyə (ə) lənət oxunması və İmam Hüseynin (ə) şəhadəti oldu. Küfəlilər daim Hücrün şəhadətini xatırlayar və bu hadisədən qəmlənərdilər. O vaxt Kufəyə xəbər çatdıqda Kufə böyüklərindən bir hissəsi Mədinəyə imam Hüseynin xidmətinə getdi və hadisə barədə imama məlumat verildi. Hücrün şəhadət xəbəri imam Hüseyni (ə) çox narahat etdi. Kufədən gedən qrup bir müddət Mədinədə qalıb, imamla görüşlər keçirdi. Həmin vaxt Mədinə valisi olan Mərvan ibn Həkəm bu barədə Müaviyəyə xəbər verdi. İmam Hüseynin (ə) görüşlərini imam Həsənlə (ə) bağlanmış müqaviləyə zidd hesab edən Müaviyə imama məktub yazıb, etirazını bildirdi. Seyyidüş-şühədanın (ə) cavab məktubundan bəzi hissələrə nəzər salaq: “Məgər sən Hücrün və onun pak, abid yoldaşlarının qatili deyilsənmi? Onlar bidətlərlə razılaşmadılar, əmr be məruf və nəhy əz münkər etdilər. Sən isə onları zalımcasına öldürdün. Hansı ki, onlara aman vermişdin. Bu, sənin Allaha qarşı çıxmağının, əhd-peymanı yüngül saymağının nişanəsidir...” Müaviyə Hücru qətlə yetirdikdən sonra Məkkəyə gəldiyi il Hüseyn ibn Əli (ə) ilə görüşdü. O, imam Hüseynə (ə) dedi: “Hücr və onun yoldaşları, atanın şiələri ilə necə rəftar edildiyini bildinmi?” İmam (ə) soruşdu: “Nə etdiniz?” Müaviyə istehza ilə dedi: “Onları öldürdük, kəfənə bükdük, cənazə namazı qıldıq və torpağa tapşırdıq.” Hüseyn ibn Əli (ə) gülümsəyib, buyurdu: “ “Ey Müaviyə! Onlar qiyamət günü səninlə düşmənçiliyə qalxacaqlar. Amma biz sənin tərəfdar-larını öldürsəydik, nə kəfənə bükərdik, nə namaz qılardıq, nə də torpağa tapşırardıq!” (İmam (ə) onların müsəlmanlığını şübhə altına alırdı)  

Davam

Həzrət Əbülfəlz Abbas məscidi

Həzrət Əbülfəlz Abbas məscidi
Əbülfəzl Abbas məscidi (səhni) İraqın Kərbəla şəhərində İmam Hüseyn hərəminin düz qarşısında, 350 metr şimal-şərqində yerləşir. Hər il milyonlarla insan buranı ziyarət edir və ehtiramlarını nümayiş etdirirlər. Həzrət Abbasın əsil qəbri ziyarətgahdadır və məqbərənin aşağısındadır. Müxtəlif sülalərdən olan şahlar Hz. Abbasın hərəminə qiymətli hədiyyə və ləl-cəvahirat təklif etmişdir. Bu tikili Asiya memarları tərəfindən layihələşdirilib (dizayn edilib). Gümbəz çox nəfis və dəbdəbəli şəkildə bəzədilmiş tikilidir. Onun kənarlarında iki minarə ucaldılıb. Müqəddəs qəbir saf qızıldan olan zərihlə örtülüb və gümüş hasarla əhatə edilib. Döşəmələrə isə İran xalçaları sərilib.  

Davam

Bərdə - İmamzadə türbəsi

Bərdə - İmamzadə türbəsi
Bərdə İmamzadə türbəsi — Bərdə şəhərinin mərkəzində yerləşən İmamzadə məscidi türbə və məsciddən ibarətdir. Azərbaycanda XIV əsrdə tikilən yeganə 4 minarəli məscid olan bu abidə akademik Dornun fikrincə, ilkin olaraq ziyarətgah-türbə formasında olub. Sonralar (XVIII əsrdə) ətrafında məscid tikilib. Məlumatlara görə, buradakı türbədə İmam Məhəmməd əl-Baqirin (ə) qız nəvəsi İsmayıl dəfn olunub. İmam Məhəmməd əl-Baqirin (ə) övladlarından sayılan İbrahim İsa da (739-cu ildə) Gəncə şəhərinin 7-ci km-liyində yerləşən Göy İmamzadədə dəfn olunub. Bu abidə Buxaradakı "Çar Minar" abidəsi ilə oxşarlıq təşkil edir. A.A.Bakıxanov da "Gülüstani-İrəm" əsərində Bərdədə müqəddəs ziyarətgah yeri olduğunu göstərib. Buranın ziyarətgah olmasını İmamzadədə mehrabın olmaması da təsdiq edir. İmamzadə məscidinin kərpiclərinin fiqurlu düzülüşü, tikintidə daşla kərpicin əlaqələndirilməsi, eləcə də kaşıdan istifadə Bərdə türbəsinin (1322-ci ildə tikilib) təsiri görünür. Abidə 1868-ci ildə görkəmli memar Kərbəlayi Səfixan Qarabaği (1788 Əhər-1910 Şuşa) tərəfindən yenidən qurulub. Onun Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. Kərbəlayi Səfixan Qarabaği inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868), Ağdamda məscid (1870), Şuşada Aşağı məscid (1874-75) və Gövhərağa məscidi bərpası (XIX əsr), eləcə də Odessada Tatar məscidi (1870), Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir. Mömin şəxslər başqa yerlərdə vəfat etsələr də, vəsiyyətlərinə uyğun Bərdə şəhərindəki İmamzadə məscidinin ətrafındakı qəbiristanlıqda dəfn olunublar. Müqəddəs İmamzadə məscidinin ətrafında bir neçə tarixi əhəmiyyət kəsb edən abidə vardır. Məscidin 20 metr şimal istiqamətində Bəhmən Mirzə Qacar türbəsi, şərqində isə XIV əsrdə tikilmiş, lakin indi uçuqları qalmış Axsadan baba türbəsi yerləşir. Bəhmən Mirzə Qacar Bəhaüddövlə (1811-1884, Şuşa) tarixçi, Fətəli şahın nəvəsi Naibüs Səltənə Abbas Mirzənin oğludur. Onun "Şükürnameyi-Şahənşah" və "Təskireyi-Məhəmməd şah" əsərləri məlumdur. O, 1834-cü ildə Tehran, 1835-ci ildə Əcəmi İraq, 1836-cı ildə Kaşan, 1841-ci ildə Yəzd, 1842-ci ildən İran Azərbaycanının hakimi olub. Baş vəzir Hacı Mirzə Ağasının fitnəti ilə qardaşı Ağa Məhəmməd Şahın nəzərindən salınmasından sonra (1848-ci ildə) Tiflisə gəlib, 1851-ci ildən daimi yaşamaq üçün əvvəlcə Bərdəyə, sonra Şuşaya köçüb. O, 1884-ci ildə Şuşada vəfat edib, vəsiyyətinə uyğun əvvəlcədən tikdirdiyi Bərdə İmamzadə qəbiristanlığında türbədə dəfn olunub. İndi Bərdə rayonunda olan Böyük Qacar və Bala Qacar kəndləri ehtimala görə, onun adını daşıyır.    

Davam
1
2
3
4
Arbaeentitr

 Hədislər